Wednesday, July 21, 2004




Yarəb

Sən görməmisən dərd nədi, dərman nədi, yarəb!
Məndən xəbər al zəhmət-i dəndan nədi, yarəb!

Əqrəb kimi sancar məni ağzımdakı dişlər,
Bilməzmi məgər sane´-i can, can nədi yarəb?

Rahim qoy adın, tök dolunu bağına xəlqın,
Rahim nə demək, mə´ni-ye rəhman nədi yarəb?

Bilseydi fələk dam yıxılar, gər düşə novdan,
Salmazdı onu, bilməz o novdan nədi yarəb?

Damda nə çuğundur əkər İranlı nə mərzə,
Bir yaxşı düşün dam nədi, novdan nədi yarəb!

Mah-i Rəməzan, fəsl-i zimistan, o da çox bərk,
Millət tuta ya meyl edə, fərman nədi yarəb?

Boynu yoğun Almanları da eylə mükəlləf
Ta tutsun oruc, bilsin obaşdan nədi yarəb.

Lağər bədən İranlıya lütfün niyə çoxdur,
Bir müşt Əcəm'ə bu qədər ehsan nədi yarəb?

Balunilə əflakə çıxar, yandırı çərxin,
Alman bilə gər ruzə-vü rəmzan nədi yarəb.

Va´iz buyurur başıva vur, canıvı incit.
Bu barədə təklif-i Müsəlman nədi yarəb?

Kəllən dedim ahəndi, qəzəbləndi kəfənpuş.
Ahən dəyi gər, kəlle-yi nadan, nədi yarəb?

Təğyir əgər verməyəcək xulquna xəlqin,
Pəs fəlsəfe-yi din nədi, ərkan nədi yarəb?

Gər qorxudur ayat-i cəhənnəm bizi, pəs bu
Əmniyyə-vu nəzmiyyə-vu ajan nədi yarəb?

Bipərdə gəzir nəstərən-u susən-ü sünbül,
Əsrar-i siyəh pərde-yi nisvan nədi yarəb?

Mən də qılaram sahib-i milyan da namazı,
Axər mənilə fərq-i filan xan nədi yareb?

Üç yüz tümən aylıq o yiyər, mən qəm-i qussə,
İllət nədi, hikmət nədi, bürhan nədi yarəb?

Hərgiz dözəbilməz bu qədər minnətə insan,
İnsan dəyi gər millət-i İran, nədi yarəb?

Əzm eyləmisən Mö'cüz'ü öldürməyə, öldür
Yüz can sənə qurban ola, bir can nədi yarəb?