Saturday, November 08, 2003


Mö’cüz'ün şe’r dili

ÜSLUBLAR VƏ ƏDƏBİ NORMALAR- Gazanfar Shirin oghlu Kazimov

Bütün bunları əyaniləşdirmək üçün müəllif (”XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (”Maarif”, 1977; elmi redaktoru dos. Ə. Bağırov)) Cənubu da unutmur və M. Ə. Mö’cüzün satira dilinin tədqiqi əsasında Cənubi Azərbaycanda bədii üslubun konkret, həm də tutarlı bir nümunəsini nəzərdən keçirir. Onu da qeyd edək ki, M. Ə. Mö’cüz dilinin buradakı tədqiq nümunəsi, ümumiyyətlə, poetik dilin elmi şərhinin ən gözəl nümunəsidir. Müəllif, Mö’cüz dilinin fonetik, leksik və qrammatik xüsusiyyətlərini nəzərdən keçirərək bu qənaətə gəlir ki, şairin dilindəki səciyyəvi cəhətlər, bir tərəfdən, şivəçiliklə bağlıdırsa, digər tərəfdən, satiranın tələblərindən doğur.

Mö’cüzün şe’r dili satira dilinin Cənub variantıdır və bu dil istər-istəməz loruluq elementləri ilə təmasda olmalı idi. Cənubi Azərbaycanın dil xüsusiyyətləri Mö’cuz satirasında güclüdür. Şairin satirik söz yaradıcılığı daha qüvvətli olmuşdur. Bu cəhəti daha diqqətlə araşdıran müəllif ”Mö’cüz dilindəkinin ən azı onda biri özününküdür”, — deyə şairə böyük qiymət verir. Tədqiqatdakı ümumiləşdirmələrdən aydın olur ki, Mö’cüz satirasını sevdirən cəhətlər içərisində qeyri-adi təşbihlərin, heyrətamiz müqayisələrin gücü böyükdür. Mö’cüzün təsvir obyekti onun ətalət içərisində məhv olan müasirləridir. Bu cəhəti nəzərə alan müəllif bə’zən Mö’cüz tiplərinin ictimai mahiyyətinə nüfüz edərək onların təbii xarakteristikasını verir.

Budur, Mö’cüz tiplərindən birini misal göstərərək, satiralardan birinin təhlili əsasında yazır: ”Bu satiranın obyekti adət etdiyimiz Məcnun, Fərhad, Xosrov, Rüstəm və s. deyil. Onun əlində Fərhad tişəsi yox, rəngü həna, dilində Məcnun qəzəlləri yox, həmdü səna var. Rüstəm kəməri və Rüstəm qılıncı yox, yoğun qurşaq və təsbih gəzdirir. Xosrov taxtü-tacının deyil, çirkli-bitli bir canın sahibidir. Onu bənövşə ətri məst etmir, hamam suyu mürgülədir...” Bu sözlər Mö’cüz dövrünü, onun bəhs etdiyi tipləri təsəvvür etmək üçün çox şey deyir.
Mö’cüz haqqında söz bədii üslubun Cənub vəziyyəti haqqında fikri genişləndirir.